Supermarket şəbəkələri və satınlama(pul qopartma) şöbələri

Supermarket şəbəkələri və satınlama(pul qopartma) şöbələri

Category : Böhran , HR , Marketinq , Satınalma , Satış , Ümumi

Salam dostlar, bəzilərinizin facebook ana lentindən,bəzilərinizin də sponsorlu reklamlar vasitəsi ilə bildiyiniz kimi yeni yerli istehsala başladıq biz. Bu məhsul Ecoformuls (web , fb) dezinfeksiyaedici məhsuludur. Məhsulla bağlı daha geniş məlumat növbəti yazılarda mütləq olacaq!

 

Qeyd: Yazı 2 ay ərzində müşahidələrə əsasən yazılıb

Aydındır ki, Kotler-in 4p-sini PP tətiqinə başladıq hamı kimi. İlk 3P(Product,Price,Promotion) hissəsində də çox əziyyət çəksək də, sonuncu 4-cü P qədər bizi yoran heçnə olmamışdı. Buna da əsas səbəb supermarket şəbəkələrinin namı məhşur “çağrı mərkəzləri” və “satınalma” şöbələridir. Onun şahidi oldum ki,nə yerli məhsul,nə yerli istehsalat, heçkimə heçnə vacib deyil, konkret “tas” söhbətləri gedib aramızda. Yəni bir istehsalı bu qədər əziyyətlə quran bir biznesmen üçün ən çətin əngəl sırf “Placement” hissəsi imiş,onun şahidi olduq.

Nə başınızı ağrıdım,aşağıda sizə bir neçə supermarket şəbəkəsi, baş ofislərinin əlaqə nömrəsi(şəxsi nömrələr istisna olmaqla) və göstərilən xidmətlə bağlı təcrübəmi bölüşəcəm.İnanıram ki, kiməsə gələcəkdə faydası dəyər;

QEYD: Aşağıdakılar şəbəkələrin sırf rəsmi sayt və facebook səhifələrindəki nömrələrlə əlaqə saxlanaraq qeyd alınıb. Tapşırıq, referans və “qardaş” tipli zənglər vurulub görüşmələr edilməyib

1- Bizim Market

Çağrı mərkəzlərində adətən qız səsinə öyrəşdiyimiz üçün qarşı tərəfdən gələn dayday səsi adamı çaşğınlığa salır,çox güman ki mühafizəçidir,çünki danışıq təcrübəsi yoxdur. Hər dəfə(!) zəng vuranda mühafizəçi kimliyi ön plana çıxdığı üçün hardan zəng vurmağımdan tutmuş, neçənci mərtəbədən zəng vurmağıma qədər soruşandan sonra zəngi yönləndirir. Amma hələ də cavab verən olmayıb zəngə. Cavab verən olmadığı üçün yenidən operatora yönlənən zəng avtomatik kəsilir. Hərdən şübhələnirəm ki “satınalma” şöbəsi ümumiyyətlə yoxdur bu şəbəkədə

Baş ofislə əlaqə: (012) 579 40 80

2- Fresco Supermarketlər Şəbəkəsi

İnternetdə nə qədər araşdırmasam da yalnız 1 nömrə ilə qarşılaşmışam,o nömrə də 7×24 məşğuldur. Yazını yazarkən də yoxladım, məşğuldur

Bu da facebook səhifələrindən göstərdikləri cavabsız münasibət:

121

Baş ofislə əlaqə: (012) 499 71 78

3- Grandmart Supermarketlər Şəbəkəsi

Normal çağrı mərkəzi sistemi var, bir neçə dəfə əlaqə saxlamışam,  gah günortadan sonra,gah sabah zəng etməyimi istəyiblər. 3 gündən sonra nəhayət bir xanımla danışdıq, mail vasitəsi ilə təklifimizi göndərməyimizi istədi. Sonda isə əlavə etdi ki: “Cavabımız müsbət olmasa əlaqə saxlamayacağıq” … Səbəbini soruşanda isə prosedurun bele olduğunu bildirdi.

Nəticə: Hələ də cavab yoxdur

Baş ofislə əlaqə: (012) 520 32 36

4- Makromarket

Bu şəbəkənin adı çəkiləndə “gələn həftə” sözü yadıma düşür, 2 dəfə eyni cavabı almışam, bugün də zəng etdikdə(08.07.2016) iyulun 11-də zəng etməyimizi istədilər,bu da avtomatik “gələn həftə” sayılır. Satınalma işçiləri ərazidə imiş

Nəticə: Cavab yoxdur

Baş ofislə əlaqə: (012) 568 01 67

5- Favorit Supermarketlər Şəbəkəsi

Grandmartda olduğu kimi 1-2 dəfə əlaqə saxlayandan sonra axır ki bir xanımla “calaşdırdılar”. O da maillə təklif göndərməyimizi istədi,özləri qərar verəcəklərmiş. 1-2 gün sonra yenə əlaqə saxladım, sən demə mail bunlara gəlməyibmiş(!) . Yenidən təklik göndərdik. 4 gün keçib(2 gün bayramı da nəzərə alsaq) , hələ cavab yoxdur (08.07.2016)

Baş ofislə əlaqə: (012) 510 99 56

6- Supermarket № 1

Sizə kimdən deyim, kimdən söyləyim , №1 supermarketlər şəbəkəsindən. 2-3 dəfə zəngləşəndən sonra Həzi Aslanov metrosu yaxınlığındakı ofislərində görüşəsi olduq. Mənimlə üzbəüz yayılıb oturan 1 bəy  və  stolun baş tərəfində kompyuterin arxasında oturub arada başını aşağı əyib eynəyinin yuxarı hissəsindən mənə baxan orta yaşlı bir xanım, mühasib idi deyəsən. (Axırıncı dəfə belə vəziyyətlə SOCAR-a mühasibəyə gedəndə qarşılaşmışdım 2010-cu ildə) Təklifimizi etdim, məhsullarla tanış etdim amma göstərdikləri reaksiya mənə birşeyi xatırlatdı. Yol polisi avtomobili saxlayır ki bəs dönmə əməliyyatını düzgün etməmisən, sübut edirsən ki düzgün etmişəm, deyir yaxşı onda kəmərin taxılı deyil,deyirsən ki ay başına dönüm,mühərriki söndürəndən sonra kəməri çıxartmışam,bunu da yola verirsən. Axırda da deyir ki bilirsən nə var? Mühərikki işə sal,səs boğucunu yoxlayıb deyir ki bəs ekologiyanı kirləyirsən,belə olmaz. Yazmalıyam… Məhsulun keyfiyyətindən tutmuş,qiymətinə qədər bəhanə axtaran sualları yola verəndən sonra əlini atdı bir məhsula,dedi ki qablaşdırması pisdi,bunu müştərilərin qarşısına çıxara bilmərəm, bəs mən neçə il Rusiyada yaşamışam, orda belə şeylər yoxdu, məhsulun hərşeyi tam olmalıdır.

Təbii ki bunu psixolojik bir təzyiq olduğunu başa düşməyəcək qədər uşaq da deyilik  şükür. Gəldi əsas məsələyə, miqdarını yazmıram, amma hər çeşid məhsula görə(11 çeşiddir) hər şəbəkə(6 şəbəkə) üçün ayrı olmaq şərti ilə giriş pulu istədi. ( Halbuki onlardan 3-4 dəfə daha böyük şəbəkənin istədiyi məbləğ ilə eyni). Çıxan nəticə budur ki, pulunu versən müştəriyə xoş göstərmək olar məhsulu.

Baş ofislə əlaqə: H.Aslanovdakı filialın baş ofis olduğunu dedilər,amma heçkim nömrəni bilmədi, necə oldusa birtəhər tapdım, sonra isə heç qeyd etmək məcburiyyəti hiss etmədiyim üçün itirdim

12

7- Bravo Supermarketlər Şəbəkəsi

Keçən həftə əlaqə saxlayanda bir bəylə(adını unutdum) danışdım, məlumat verdim, mənə mail göndərməyimi istədi, özü lazımı yerlərə yönləndirəkmiş. Tipik “Problem yoxdu” situasiyası yaranıbmış, bugün xəbər tutdum. Bugün isə bir xanımla əlaqə saxladım, onlara belə bir məhsulla bağlı mailin daxil olmadığını bildirdi. Yenidən mail göndərdik. Digər şəbəkələrdən fərqli(yeganə) olaraq bu şəbəkədə məhsul üçün vitrin, barkod və s tipli ekstra xərclər tələb olunmurmuş. Nə qədər hərşey nağıl kimi qələmə verilsə də, ödəmələrdə hamı kimi problemlər çıxarırlar

Nəticə: Məhsul artıq Bravonun Gənclik filialında satışdadır

Baş ofislə əlaqə: (012) 404 13 32

8-Araz Supermarketlər Şəbəkəsi

İlkin danışdıqda növbəti həftəyə görüş aldıq, növbəti həftə söz verdikləri kimi görüşdük yeni ofislərində, təkliflərimizi verdik,onlar da şəbəkə saylarına uyğun olaraq giriş qiymət təkliflərini verdilər. Özüm birbaşa əlaqəyə girdiyim şəbəkələr içində normal münasibəti(xidməti)  göstərən yeganə şəbəkə oldu(tələbləri istisna olmaqla).

Görüşlərin sayı artdıqca bunu anlamağa  başlayıram ki, bu tip şəbəkələr işçi maaşlarını və digər xərclərini  satdıqları məhsullardan gələn xeyirlə yox, məhsul yerləşdirən sahibkarldan aldıqları pullarla qarşılayırlar,başqa açıqlaması ağlıma gəlmir. Yoxsa 3-5 min manatla biznesi qurub nəsə istehsal etməyə çalışan kiçik bizneslərdən az qala biznesə qoyulan investisiya qədər “vitrin” pulu istəməzdilər.

Baş ofislə əlaqə: (012) 924

9- Rahat Supermarketlər Şəbəkəsi

Çağrı mərkəzindən bir bəyin nömrəsini verdilər, danışdıq,iyul ayının 2-si danışıb görüşək dedi,qeydlərimin arasına əlavə etmişdim. Ayın 2-si elə bir söz demədiyini, gələn həftə bazarertəsi(04.07.2016) görüşə biləcəyimizi dedi. Zəng vurdum, köhnə hamam köhnə tas, bayramdan sonra görüşə biləcəyizi dedi. Bugün də(08.07.2016) zəng vurdum, bazaertəsi(11.07.2016) görüşək dedi.

Nəticə: 26 filialı olan şəbəkənin hər filiala görə 300 azn(!) istəməsi (ümumi 7800 azn) sadəcə gülüncdür. Nəzərə də alsaq ki hərgün xarici investorları ölkəyə dəvət edirlər ki gəlin investisiya qoyun ölkəyə,  yerli istehsalı isə baltalamaqla məşğuldurlar.

Baş ofislə əlaqə: (012) 596 56 09

10- Neptun Supermarketlər Şəbəkəsi

Bu şəbəkə ilə birbaşa öz təmasım olmasa da(görüş almaqla bağlı) , geri qalan prosedurları özüm aparmışam. Şəbəkəyə giriş şərtləri rəqibləri ilə müqayisədə olduqca “yumşaqdır”. 2 görüş kifayət edib ki məhsullarımız artıq satışdadır

Baş ofislə əlaqə: (012) 530 82 63

 

Ümumi Nəticə:

Gördüyüm qədəri ilə supermarketlərdə satınalma şöbələrinin əməkdaşlarının ilk və əsas vəzifəsi iş adamından bacardığı qədər “pul qopartmasıdır” . Bir növ söz döyüşü. Necə ki banklarda problemli kreditlər şöbəsinə qolu zorbaları axtarırlar, satınalmalar şöbəsində də ancaq dil və söz qabiliyyəti lazımdır. Məhsulun keyfiyyəti, önəmliliyi, bazarda rəqinin olub olmamağı, ekskulizivliyi və s faktorlar ikinci(puldan sonrakı) növbədədir. Bu gedişlə nəinki xarici investor, heç adamın özünün öz ölkəsində nəsəyə pul yatırmağa əli gəlmir.

P.S.: Əziz satınalma şöbəsinin əməkdaşları, məhsulun nə olduğunu analiz etmədən oğurluq üçün sığorta istəməyin, gülünc görünür. Bir adam, çörək pampers və s. şeylər qala-qala dezinfeksiya məhsulunu niyə oğurlasın ki? Nəzərə alsaq ki, biz istehlakçını maarifləndirdiyimiz halda güclə satırıq 🙂