Starbucksda qəhvə içmə rəhbəri

Starbucksda qəhvə içmə rəhbəri

Category : Ümumi

Başdan deyim ki, mən bu yazını Apple Macbookumla hər hansı Starbucks şöbəsində Caramel Macchiatomu içərək yazmıram.  Marketdən 20 qəpiklik Nescafe 3-ü 1-də alıb dədə-baba daş stəkanda qarışdırıb içirəm. Əvvəl nescafeni stəkana töküb üstünə suyu əlavə eləyib qarışdırmağa başladım ki köpüklənsin amma köpüklənmədi. 20 qəpiklik qəhvədən bundan artıq nə gözləmək olar axı? Bu arada yenə deyim, kompyuter macbook deyil, DELL-in çoxdandıncı il modelidir amma internet limitsizdir, onu qeyd edim

Starbucksa nə qədər getmişəm? Çox getmişəm əslində amma demək olar ki 1 və ya 2 dəfə qəhvə içmişəm, daha çox nar suyu içirəm. Bu yazını yazarkən mən də sizinlə yeni şeylər öyrənəcəm qəhvələrlə bağlı. Starbucksa ilk dəfə gedəndə menyuya baxıb “bunlar nədi” deyən, nə içəcəyi haqqında bir fikri olmadığı halda ətrafa “mən bura tez-tez gəlib qəhvə içirəm, görəsən bugün nə içim?” pozası verən və gözləri lazer skanner kimi menyudakı ən ucuz məhsulu axtaran insanlardan biriyəm

Elə məhz bu məsələ ilə bağlı sizə kömək edəcəm. Tutaq ki, Starbucksa getmisiz. Əgər oğlansızsa yanınızda yəqin ki qız da var. Yəni ki mütləq nəsə qəhvə almaq lazımdı, başqa çıxış yolu yoxdur. Bari içəcəksənsə onda heç olmasa yaxşı bir şey iç, verdiyin pula dəysin. Yoxsa Starbucks dədəmin yeri deyil. Coffee Shop, Gloria Jeans, Lavazza və indi yadıma düşməyən bir-ikisi daha var ki, onlar da dədəmin deyil və heçbir qohumluq əlaqəm yoxdur.

Bu tip məkanlarda məhsulların çoxu stabil, bəziləri isə mövsümlükdür. Amma ki, latte, americano, misto və macchiato  kimi insanların tələffüz edərkən özlərini ingilis şahzadəsi kimi hiss etdikləri və Azərbaycanca qarşılığı olmayan sözlər standartdır. Yəni, mocha-nın nə olduğunu bilirsənsə white chocolate mocha-nın da  nə olduğunu az çox təxmin edə bilərsən. Həm də bu adlar tək bir markaya aid deyil, mocha həryerdə mocha-dır. Özsütdə belə var. İndi isə başlayaq qəhvələr haqqında  danışamağa

Espresso
İçki necə ki bütün pisliklərin anasıdır, Espresso da bütün qəhvələrin atasıdır. Kitayski türk kofesi də deyirlər arada,amma elə də əlaqəsi yoxdur.  Siz də mənim kimi bunun adını illərlə “Expresso” olaraq bilmisizsə ordakı x-i silin getsin , orda burda deyib özünüzü biyabır eləməyin. Espresso İtalyanlara məxsus qəhvə çeşididir. Loru dildə desək, tezbazar hazırlanıb içilməsi ona bu adı verib yəqin. Bir fincan üçün 42 ədəd qəhvə toxumundan istifadə edilir, 90 dərəcə istilikdəki təzyiqli suya məruz qalır və nəticədə aparatdan köpüklü qəhvə çıxır. Ona görə də türk qəhvəsinə oxşadılır. O qədər acı olur ki, ona “qəhvələrin tekilası” deyilir. Starbucks kimi coffee shoplarda espresso kiçik bir fincanın 3-də 1-i qədər təklif olunur. O na görə də adı espressodu, yəni ki tez bitir.  XƏBƏRDARLIQ:  Özünüzü bomba göstərib “Bu nədi qaqa? Qəhvəni süzmək yaddan çıxıb, ala bunu doldur, ehe ehe” kimi zarafatlar etməyin, baristanın yadınızdan çıxmayacaq qəzəbinə tuş gələ bilərsiz o qədər camaat içində. Bu arada barista sizə xidmət göstərənlərdir.

Macchiato
İtalyan dilindən tərcümədə “ləkəli” mənasını verir. İki çeşidi var. Birincisi espressonun üzərinə süd əlavə edilərək əldə edilir. Originalı bu imiş. Adı Espresso Macchiato-dur. İkincisi isə tam əksidi. Südün üzərinə espresso əlavə edərək  hazırlanır. Onun da adı Latte Macchiato-dur. Əgər bir yerdə latte sözü keçirsə deməli işin içində süd mütləq var.  Qayıdaq macchiato-ya. Tələffüzü çox zövqlüdür, siz də yoxlayın, “makiyato”. Ən məhşur olanı isə Caramel Macciato-dur. Espresso kimi acı deyil

Cafe Latte
Kafe late kimi oxunur. Latte italyan dilində süd mənasına gəlirmiş. Buna çox adam südlü qəhvə deyir amma elə deyil. Südlü qəhvə odur ki, qəhvəyə az miqdarda süd əlavə edərək hazırlanır.Bunda isə vəziyyət başqa cürdür. 2 pors südə 1 pors espresso əlavə olunur. Bu qəhvə deyil, qəhvəli süddür. Mən sevirəm məsələn.

Cappucino
İtaliya təbii ki modanın mərkəzi olub hər zaman, həmin dönəmdə də italiyada capşon (capuchin)  kepkalar vardı dəbdə olan, baristalar o kepkalardan ilham alaraq yeni içki cappuccino-nu yaradıblar. Bizim də bildiyimiz kapşonka sözü də ordan gəlir. Yaxşı, keçək içkiyə. Cappuccino latte-yə oxşayır, fəqət espressolu bir içkidir. Hazırlanmağı üçün süd, süd köpüyü və uyğun  nisbətdə espresso lazımdır. İşin ən maraqlı yeri espressonun və köpüyün miqdarını düzgün ayarlamaq lazımdır, yoxsa heçnəyə bənzəməz. İçilə biləcək qəhvələrin arasındadır

Americano
Buna filter olunmuş qəhvə deyənlər var, amma elə deyil. Ən sadə dildə desək, üzərinə biraz çox su əlavə olunmuş espressodur. Əs adı cafe americano-dur. Elə bil acı qəhvənin üzərinə bol su əlavə edirsən, olur hamamsuyu. Məncə içilməz bu, amma yenə siz bilərsiz

Filtr olunmuş qəhvə
Bu mənə də maraqlı idi ki nədir. Ağlıma da gəlmirdi ki, girim internetdən axtarım görüm nədir. Filtr olunmuş qəhvə dəmlənmiş çay kimidir. Qəhvə toxumları təzə-təzə süzmə yolu ilə fincana boşaldılır. Qəhvə içənlər deyir ki, əsl qəhvənin ətrini filtr qəhvəsi ilə almaq olar ancaq. Süzüldüyü üçün kofein miqdarı azalırmış. Tək dezavantajı, süzülən vaxtı bəzi aromatların fincana gəlməyən hissəsində qalmasıdır.

Mocha
Mənim ən sevdiyim budur. Nescafe 3-ü 1-ində içən adama mokayı verib heç arxasınca baxmaya da bilərsən, xoşuna gələcək. İçində nə desən var. Espresso, krem, süd, şokolad. Mənim kimi acı qəhvə sevməyənlər üçün mövcud 3 seçənəkdən biridir. Digərləri isə cappucinolatte-dir. Bu onsuz da latte-nin krem və şokolad əlavə olunmuş halıdır. White chocolate mocha eşitsəz bilin ki onun da şokoladı ağdır. Eşitməsəz deməli ağ deyil onsuz da. Bax bunu da içmək olar.

Frappucino
Frappe və cappucino sözlərinin birləşdirəndə alınır.Tələffüz eləyəndə sanki qəhvənin içindən nəsə çıxacaqmış kimi hiss olunur amma elə deyil təbii ki. Buzlu qəhvədir bu. Starbucksda bunun çiyələklisi də olur

Gələk əsas məsələyə. Deyəcəyim odur ki, adamlar qəhvə məsələsini aşmışlar.Bəlkə də cibimizdəki son 4-5 manatı alırlar amma canımızı o 3-ü 1-də adlı hamamsuyundan qurtarırlar. Ya da ki bilmirəm, bir qəhvəyə o qədər pul vermək nə qədər düzdür? Amma bir reallıq da var ki, 20 qəpiklik 3-ü 1-də nescafeni təklif edən kafelərdə qəhvəyə 1-2  manat verib hər 15 dəqiqədən bir də ofisiantın göz təzyiqlərinə məruz qalmaq istəmirsizsə Starbucks kimi yerlərdə içəcəksiz qəhvəni. Wifi da var, səhərdən axşama qədər də otursan heçkim heçnə demir sənə.


Leave a Reply