Category Archives: Ümumi

Starbucksda qəhvə içmə rəhbəri

Category : Ümumi

Başdan deyim ki, mən bu yazını Apple Macbookumla hər hansı Starbucks şöbəsində Caramel Macchiatomu içərək yazmıram.  Marketdən 20 qəpiklik Nescafe 3-ü 1-də alıb dədə-baba daş stəkanda qarışdırıb içirəm. Əvvəl nescafeni stəkana töküb üstünə suyu əlavə eləyib qarışdırmağa başladım ki köpüklənsin amma köpüklənmədi. 20 qəpiklik qəhvədən bundan artıq nə gözləmək olar axı? Bu arada yenə deyim, kompyuter macbook deyil, DELL-in çoxdandıncı il modelidir amma internet limitsizdir, onu qeyd edim

Starbucksa nə qədər getmişəm? Çox getmişəm əslində amma demək olar ki 1 və ya 2 dəfə qəhvə içmişəm, daha çox nar suyu içirəm. Bu yazını yazarkən mən də sizinlə yeni şeylər öyrənəcəm qəhvələrlə bağlı. Starbucksa ilk dəfə gedəndə menyuya baxıb “bunlar nədi” deyən, nə içəcəyi haqqında bir fikri olmadığı halda ətrafa “mən bura tez-tez gəlib qəhvə içirəm, görəsən bugün nə içim?” pozası verən və gözləri lazer skanner kimi menyudakı ən ucuz məhsulu axtaran insanlardan biriyəm

Elə məhz bu məsələ ilə bağlı sizə kömək edəcəm. Tutaq ki, Starbucksa getmisiz. Əgər oğlansızsa yanınızda yəqin ki qız da var. Yəni ki mütləq nəsə qəhvə almaq lazımdı, başqa çıxış yolu yoxdur. Bari içəcəksənsə onda heç olmasa yaxşı bir şey iç, verdiyin pula dəysin. Yoxsa Starbucks dədəmin yeri deyil. Coffee Shop, Gloria Jeans, Lavazza və indi yadıma düşməyən bir-ikisi daha var ki, onlar da dədəmin deyil və heçbir qohumluq əlaqəm yoxdur.

Bu tip məkanlarda məhsulların çoxu stabil, bəziləri isə mövsümlükdür. Amma ki, latte, americano, misto və macchiato  kimi insanların tələffüz edərkən özlərini ingilis şahzadəsi kimi hiss etdikləri və Azərbaycanca qarşılığı olmayan sözlər standartdır. Yəni, mocha-nın nə olduğunu bilirsənsə white chocolate mocha-nın da  nə olduğunu az çox təxmin edə bilərsən. Həm də bu adlar tək bir markaya aid deyil, mocha həryerdə mocha-dır. Özsütdə belə var. İndi isə başlayaq qəhvələr haqqında  danışamağa

Espresso
İçki necə ki bütün pisliklərin anasıdır, Espresso da bütün qəhvələrin atasıdır. Kitayski türk kofesi də deyirlər arada,amma elə də əlaqəsi yoxdur.  Siz də mənim kimi bunun adını illərlə “Expresso” olaraq bilmisizsə ordakı x-i silin getsin , orda burda deyib özünüzü biyabır eləməyin. Espresso İtalyanlara məxsus qəhvə çeşididir. Loru dildə desək, tezbazar hazırlanıb içilməsi ona bu adı verib yəqin. Bir fincan üçün 42 ədəd qəhvə toxumundan istifadə edilir, 90 dərəcə istilikdəki təzyiqli suya məruz qalır və nəticədə aparatdan köpüklü qəhvə çıxır. Ona görə də türk qəhvəsinə oxşadılır. O qədər acı olur ki, ona “qəhvələrin tekilası” deyilir. Starbucks kimi coffee shoplarda espresso kiçik bir fincanın 3-də 1-i qədər təklif olunur. O na görə də adı espressodu, yəni ki tez bitir.  XƏBƏRDARLIQ:  Özünüzü bomba göstərib “Bu nədi qaqa? Qəhvəni süzmək yaddan çıxıb, ala bunu doldur, ehe ehe” kimi zarafatlar etməyin, baristanın yadınızdan çıxmayacaq qəzəbinə tuş gələ bilərsiz o qədər camaat içində. Bu arada barista sizə xidmət göstərənlərdir.

Macchiato
İtalyan dilindən tərcümədə “ləkəli” mənasını verir. İki çeşidi var. Birincisi espressonun üzərinə süd əlavə edilərək əldə edilir. Originalı bu imiş. Adı Espresso Macchiato-dur. İkincisi isə tam əksidi. Südün üzərinə espresso əlavə edərək  hazırlanır. Onun da adı Latte Macchiato-dur. Əgər bir yerdə latte sözü keçirsə deməli işin içində süd mütləq var.  Qayıdaq macchiato-ya. Tələffüzü çox zövqlüdür, siz də yoxlayın, “makiyato”. Ən məhşur olanı isə Caramel Macciato-dur. Espresso kimi acı deyil

Cafe Latte
Kafe late kimi oxunur. Latte italyan dilində süd mənasına gəlirmiş. Buna çox adam südlü qəhvə deyir amma elə deyil. Südlü qəhvə odur ki, qəhvəyə az miqdarda süd əlavə edərək hazırlanır.Bunda isə vəziyyət başqa cürdür. 2 pors südə 1 pors espresso əlavə olunur. Bu qəhvə deyil, qəhvəli süddür. Mən sevirəm məsələn.

Cappucino
İtaliya təbii ki modanın mərkəzi olub hər zaman, həmin dönəmdə də italiyada capşon (capuchin)  kepkalar vardı dəbdə olan, baristalar o kepkalardan ilham alaraq yeni içki cappuccino-nu yaradıblar. Bizim də bildiyimiz kapşonka sözü də ordan gəlir. Yaxşı, keçək içkiyə. Cappuccino latte-yə oxşayır, fəqət espressolu bir içkidir. Hazırlanmağı üçün süd, süd köpüyü və uyğun  nisbətdə espresso lazımdır. İşin ən maraqlı yeri espressonun və köpüyün miqdarını düzgün ayarlamaq lazımdır, yoxsa heçnəyə bənzəməz. İçilə biləcək qəhvələrin arasındadır

Americano
Buna filter olunmuş qəhvə deyənlər var, amma elə deyil. Ən sadə dildə desək, üzərinə biraz çox su əlavə olunmuş espressodur. Əs adı cafe americano-dur. Elə bil acı qəhvənin üzərinə bol su əlavə edirsən, olur hamamsuyu. Məncə içilməz bu, amma yenə siz bilərsiz

Filtr olunmuş qəhvə
Bu mənə də maraqlı idi ki nədir. Ağlıma da gəlmirdi ki, girim internetdən axtarım görüm nədir. Filtr olunmuş qəhvə dəmlənmiş çay kimidir. Qəhvə toxumları təzə-təzə süzmə yolu ilə fincana boşaldılır. Qəhvə içənlər deyir ki, əsl qəhvənin ətrini filtr qəhvəsi ilə almaq olar ancaq. Süzüldüyü üçün kofein miqdarı azalırmış. Tək dezavantajı, süzülən vaxtı bəzi aromatların fincana gəlməyən hissəsində qalmasıdır.

Mocha
Mənim ən sevdiyim budur. Nescafe 3-ü 1-ində içən adama mokayı verib heç arxasınca baxmaya da bilərsən, xoşuna gələcək. İçində nə desən var. Espresso, krem, süd, şokolad. Mənim kimi acı qəhvə sevməyənlər üçün mövcud 3 seçənəkdən biridir. Digərləri isə cappucinolatte-dir. Bu onsuz da latte-nin krem və şokolad əlavə olunmuş halıdır. White chocolate mocha eşitsəz bilin ki onun da şokoladı ağdır. Eşitməsəz deməli ağ deyil onsuz da. Bax bunu da içmək olar.

Frappucino
Frappe və cappucino sözlərinin birləşdirəndə alınır.Tələffüz eləyəndə sanki qəhvənin içindən nəsə çıxacaqmış kimi hiss olunur amma elə deyil təbii ki. Buzlu qəhvədir bu. Starbucksda bunun çiyələklisi də olur

Gələk əsas məsələyə. Deyəcəyim odur ki, adamlar qəhvə məsələsini aşmışlar.Bəlkə də cibimizdəki son 4-5 manatı alırlar amma canımızı o 3-ü 1-də adlı hamamsuyundan qurtarırlar. Ya da ki bilmirəm, bir qəhvəyə o qədər pul vermək nə qədər düzdür? Amma bir reallıq da var ki, 20 qəpiklik 3-ü 1-də nescafeni təklif edən kafelərdə qəhvəyə 1-2  manat verib hər 15 dəqiqədən bir də ofisiantın göz təzyiqlərinə məruz qalmaq istəmirsizsə Starbucks kimi yerlərdə içəcəksiz qəhvəni. Wifi da var, səhərdən axşama qədər də otursan heçkim heçnə demir sənə.


Facebookda yazılmamış qanunlar

Category : Ümumi

  1. Bir dostunun paylaşdığı birşey xoşuna gəldi və paylaşmaq istəyirsən. Əvvəla onun paylaşdığını bəyənməlisən, sonra “Canım, icazənlə paylaşıram” , “Oğurladım ehe,ehe  😀 tipli şərhlər  yazmaq və da sonra paylaşmaq
  2. Xoşuna gələn qızın və ya gözünə girmək istədiyin şəxsin paylaşdığı 10 dəqiqəqlik videonun 10-cu saniyəsində bəyənmək
  3. Hər dəqiqə nəsə paylaşmamalısan, ciddi baxmazlar
  4. Bir dostun profil şəklini bəyəndikdə, sən də onun profil şəklini bəyənməlisən
  5. Öz paylaşımlarını bəyənməmək
  6. Doğum günündə divara təbrik yazan hamının təbrikini tək-tək like etmək və birgün sonra “Doğum günümü təbrik edən hamıya təşəkkür edirəm, tək-tək cavab yaza bilmirəm” yazaraq təbrik etməyi unudanları həmin statusu like etməyə məcbur etmək
  7. Doğum günü təbriklərində bəzilərini like edib bəzilərinə şərh yazmaq ayıbdı. Ya hamısını bəyən ya da tək-tək şərh yaz
  8. Yeni ildə cool görünmək üçün mütləq offline  olmaq
  9. Söhbəti bitirmək və qarşı tərəfin Mən burda öz-özümə danışıram?”  deməməsi üçün son yazılan şərhi bəyənib Yazdığını gördüm, özüm cavab yazmıram” mesajı vermək. Twitterdə bu  “son mentionı favlama”  olaraq bilinir
  10. Facebook Eurovision kimidi, hamı öz qonşusunu və ya yaxınını like edir
  11. Hərgün 5-6 status paylaşan adamın, doğum günündə facebooka girməmiş kimi göstərib cool görünməsi, təbriklərin bitməyini gözləməsi
  12. Hər 6 aydan bir ” Dostluğumda təmizlik aparıram” statusunu yazmaq fərzdir
  13. Yemək şəkli paylaşılanda ” Nuş olsun” yazmaq. Düşünülür ki yazmasan boğazında qalacaq
  14. Xoşunuza gələn qızın bütün şəkillərini bəyənib, yeni paylaşımı like etmək üçün pusquda dayanmaq. Diqqət çəkmək üçün bəyənməkdən imtina edib yenidən bəyənmək
  15.  Bir şəklə və ya videoya tanıdığınız amma dostluq siyahınızda olmayan biri ilə ard-arda şərh yazmısızsa gözləyin 1-ci o dostluq göndərsin
  16. Əgər 40 yaşın üzərindəsinizsə mütləq nəsə yazanda CAPSLOCK açıq olmalıdır. Yoxsa böyük kiçiyi ayırmaq olmaz
  17. Əlaqəsiz qohumların yazdığı şərhlər like edilməz və altına şərh yazılmaz
  18. Orta nəslin nümayəndələri mütləq profil şəklinin altına yazıb hal-əhval tutarlar
  19. Biri sənə kompliment edibsə, mütləq şəkildə ona “Ay canım, təşəkkür edirəm, o sənin gözlərinin gözəlliyidir” yazmaq
  20. Facebooka gələn hər hansı yeniliyə anındaca “Üfff, Markın da işi-gücü yoxdu e deyirəm” tipli status yazıb cool görünmək
  21. Şəkil yerləşdirən kimi açıqlama hissəsinə mütləq şəkildə “Photo by filankəs” yazmaq fərzdir
  22. Çox like alan şəklin altına “Kim çəkib görəsən şəkli? ehe ehe”  yazaraq özünü işarə edən dost və ya qohumun zühur etməsi və ardınca foto sahibinin Şəkildəki gözəldi, ehe ehe” yazması

Supermarket şəbəkələri və satınlama(pul qopartma) şöbələri

Category : Marketinq , Satınalma , Ümumi

Salam dostlar, bəzilərinizin facebook ana lentindən,bəzilərinizin də sponsorlu reklamlar vasitəsi ilə bildiyiniz kimi yeni yerli istehsala başladıq biz. Bu məhsul Ecoformuls (web , fb) dezinfeksiyaedici məhsuludur. Məhsulla bağlı daha geniş məlumat növbəti yazılarda mütləq olacaq!

 

Qeyd: Yazı 2 ay ərzində müşahidələrə əsasən yazılıb

Aydındır ki, Kotler-in 4p-sini PP tətiqinə başladıq hamı kimi. İlk 3P(Product,Price,Promotion) hissəsində də çox əziyyət çəksək də, sonuncu 4-cü P qədər bizi yoran heçnə olmamışdı. Buna da əsas səbəb supermarket şəbəkələrinin namı məhşur “çağrı mərkəzləri” və “satınalma” şöbələridir. Onun şahidi oldum ki,nə yerli məhsul,nə yerli istehsalat, heçkimə heçnə vacib deyil, konkret “tas” söhbətləri gedib aramızda. Yəni bir istehsalı bu qədər əziyyətlə quran bir biznesmen üçün ən çətin əngəl sırf “Placement” hissəsi imiş,onun şahidi olduq.

Nə başınızı ağrıdım,aşağıda sizə bir neçə supermarket şəbəkəsi, baş ofislərinin əlaqə nömrəsi(şəxsi nömrələr istisna olmaqla) və göstərilən xidmətlə bağlı təcrübəmi bölüşəcəm.İnanıram ki, kiməsə gələcəkdə faydası dəyər;

QEYD: Aşağıdakılar şəbəkələrin sırf rəsmi sayt və facebook səhifələrindəki nömrələrlə əlaqə saxlanaraq qeyd alınıb. Tapşırıq, referans və “qardaş” tipli zənglər vurulub görüşmələr edilməyib

1- Bizim Market

Çağrı mərkəzlərində adətən qız səsinə öyrəşdiyimiz üçün qarşı tərəfdən gələn dayday səsi adamı çaşğınlığa salır,çox güman ki mühafizəçidir,çünki danışıq təcrübəsi yoxdur. Hər dəfə(!) zəng vuranda mühafizəçi kimliyi ön plana çıxdığı üçün hardan zəng vurmağımdan tutmuş, neçənci mərtəbədən zəng vurmağıma qədər soruşandan sonra zəngi yönləndirir. Amma hələ də cavab verən olmayıb zəngə. Cavab verən olmadığı üçün yenidən operatora yönlənən zəng avtomatik kəsilir. Hərdən şübhələnirəm ki “satınalma” şöbəsi ümumiyyətlə yoxdur bu şəbəkədə

Baş ofislə əlaqə: (012) 579 40 80

2- Fresco Supermarketlər Şəbəkəsi

İnternetdə nə qədər araşdırmasam da yalnız 1 nömrə ilə qarşılaşmışam,o nömrə də 7×24 məşğuldur. Yazını yazarkən də yoxladım, məşğuldur

Bu da facebook səhifələrindən göstərdikləri cavabsız münasibət:

121

Baş ofislə əlaqə: (012) 499 71 78

3- Grandmart Supermarketlər Şəbəkəsi

Normal çağrı mərkəzi sistemi var, bir neçə dəfə əlaqə saxlamışam,  gah günortadan sonra,gah sabah zəng etməyimi istəyiblər. 3 gündən sonra nəhayət bir xanımla danışdıq, mail vasitəsi ilə təklifimizi göndərməyimizi istədi. Sonda isə əlavə etdi ki: “Cavabımız müsbət olmasa əlaqə saxlamayacağıq” … Səbəbini soruşanda isə prosedurun bele olduğunu bildirdi.

Nəticə: Hələ də cavab yoxdur

Baş ofislə əlaqə: (012) 520 32 36

4- Makromarket

Bu şəbəkənin adı çəkiləndə “gələn həftə” sözü yadıma düşür, 2 dəfə eyni cavabı almışam, bugün də zəng etdikdə(08.07.2016) iyulun 11-də zəng etməyimizi istədilər,bu da avtomatik “gələn həftə” sayılır. Satınalma işçiləri ərazidə imiş

Nəticə: Cavab yoxdur

Baş ofislə əlaqə: (012) 568 01 67

5- Favorit Supermarketlər Şəbəkəsi

Grandmartda olduğu kimi 1-2 dəfə əlaqə saxlayandan sonra axır ki bir xanımla “calaşdırdılar”. O da maillə təklif göndərməyimizi istədi,özləri qərar verəcəklərmiş. 1-2 gün sonra yenə əlaqə saxladım, sən demə mail bunlara gəlməyibmiş(!) . Yenidən təklik göndərdik. 4 gün keçib(2 gün bayramı da nəzərə alsaq) , hələ cavab yoxdur (08.07.2016)

Baş ofislə əlaqə: (012) 510 99 56

6- Supermarket № 1

Sizə kimdən deyim, kimdən söyləyim , №1 supermarketlər şəbəkəsindən. 2-3 dəfə zəngləşəndən sonra Həzi Aslanov metrosu yaxınlığındakı ofislərində görüşəsi olduq. Mənimlə üzbəüz yayılıb oturan 1 bəy  və  stolun baş tərəfində kompyuterin arxasında oturub arada başını aşağı əyib eynəyinin yuxarı hissəsindən mənə baxan orta yaşlı bir xanım, mühasib idi deyəsən. (Axırıncı dəfə belə vəziyyətlə SOCAR-a mühasibəyə gedəndə qarşılaşmışdım 2010-cu ildə) Təklifimizi etdim, məhsullarla tanış etdim amma göstərdikləri reaksiya mənə birşeyi xatırlatdı. Yol polisi avtomobili saxlayır ki bəs dönmə əməliyyatını düzgün etməmisən, sübut edirsən ki düzgün etmişəm, deyir yaxşı onda kəmərin taxılı deyil,deyirsən ki ay başına dönüm,mühərriki söndürəndən sonra kəməri çıxartmışam,bunu da yola verirsən. Axırda da deyir ki bilirsən nə var? Mühərikki işə sal,səs boğucunu yoxlayıb deyir ki bəs ekologiyanı kirləyirsən,belə olmaz. Yazmalıyam… Məhsulun keyfiyyətindən tutmuş,qiymətinə qədər bəhanə axtaran sualları yola verəndən sonra əlini atdı bir məhsula,dedi ki qablaşdırması pisdi,bunu müştərilərin qarşısına çıxara bilmərəm, bəs mən neçə il Rusiyada yaşamışam, orda belə şeylər yoxdu, məhsulun hərşeyi tam olmalıdır.

Təbii ki bunu psixolojik bir təzyiq olduğunu başa düşməyəcək qədər uşaq da deyilik  şükür. Gəldi əsas məsələyə, miqdarını yazmıram, amma hər çeşid məhsula görə(11 çeşiddir) hər şəbəkə(6 şəbəkə) üçün ayrı olmaq şərti ilə giriş pulu istədi. ( Halbuki onlardan 3-4 dəfə daha böyük şəbəkənin istədiyi məbləğ ilə eyni). Çıxan nəticə budur ki, pulunu versən müştəriyə xoş göstərmək olar məhsulu.

Baş ofislə əlaqə: H.Aslanovdakı filialın baş ofis olduğunu dedilər,amma heçkim nömrəni bilmədi, necə oldusa birtəhər tapdım, sonra isə heç qeyd etmək məcburiyyəti hiss etmədiyim üçün itirdim

12

7- Bravo Supermarketlər Şəbəkəsi

Keçən həftə əlaqə saxlayanda bir bəylə(adını unutdum) danışdım, məlumat verdim, mənə mail göndərməyimi istədi, özü lazımı yerlərə yönləndirəkmiş. Tipik “Problem yoxdu” situasiyası yaranıbmış, bugün xəbər tutdum. Bugün isə bir xanımla əlaqə saxladım, onlara belə bir məhsulla bağlı mailin daxil olmadığını bildirdi. Yenidən mail göndərdik. Digər şəbəkələrdən fərqli(yeganə) olaraq bu şəbəkədə məhsul üçün vitrin, barkod və s tipli ekstra xərclər tələb olunmurmuş. Nə qədər hərşey nağıl kimi qələmə verilsə də, ödəmələrdə hamı kimi problemlər çıxarırlar

Nəticə: Məhsul artıq Bravonun Gənclik filialında satışdadır

Baş ofislə əlaqə: (012) 404 13 32

8-Araz Supermarketlər Şəbəkəsi

İlkin danışdıqda növbəti həftəyə görüş aldıq, növbəti həftə söz verdikləri kimi görüşdük yeni ofislərində, təkliflərimizi verdik,onlar da şəbəkə saylarına uyğun olaraq giriş qiymət təkliflərini verdilər. Özüm birbaşa əlaqəyə girdiyim şəbəkələr içində normal münasibəti(xidməti)  göstərən yeganə şəbəkə oldu(tələbləri istisna olmaqla).

Görüşlərin sayı artdıqca bunu anlamağa  başlayıram ki, bu tip şəbəkələr işçi maaşlarını və digər xərclərini  satdıqları məhsullardan gələn xeyirlə yox, məhsul yerləşdirən sahibkarldan aldıqları pullarla qarşılayırlar,başqa açıqlaması ağlıma gəlmir. Yoxsa 3-5 min manatla biznesi qurub nəsə istehsal etməyə çalışan kiçik bizneslərdən az qala biznesə qoyulan investisiya qədər “vitrin” pulu istəməzdilər.

Baş ofislə əlaqə: (012) 924

9- Rahat Supermarketlər Şəbəkəsi

Çağrı mərkəzindən bir bəyin nömrəsini verdilər, danışdıq,iyul ayının 2-si danışıb görüşək dedi,qeydlərimin arasına əlavə etmişdim. Ayın 2-si elə bir söz demədiyini, gələn həftə bazarertəsi(04.07.2016) görüşə biləcəyimizi dedi. Zəng vurdum, köhnə hamam köhnə tas, bayramdan sonra görüşə biləcəyizi dedi. Bugün də(08.07.2016) zəng vurdum, bazaertəsi(11.07.2016) görüşək dedi.

Nəticə: 26 filialı olan şəbəkənin hər filiala görə 300 azn(!) istəməsi (ümumi 7800 azn) sadəcə gülüncdür. Nəzərə də alsaq ki hərgün xarici investorları ölkəyə dəvət edirlər ki gəlin investisiya qoyun ölkəyə,  yerli istehsalı isə baltalamaqla məşğuldurlar.

Baş ofislə əlaqə: (012) 596 56 09

10- Neptun Supermarketlər Şəbəkəsi

Bu şəbəkə ilə birbaşa öz təmasım olmasa da(görüş almaqla bağlı) , geri qalan prosedurları özüm aparmışam. Şəbəkəyə giriş şərtləri rəqibləri ilə müqayisədə olduqca “yumşaqdır”. 2 görüş kifayət edib ki məhsullarımız artıq satışdadır

Baş ofislə əlaqə: (012) 530 82 63

 

Ümumi Nəticə:

Gördüyüm qədəri ilə supermarketlərdə satınalma şöbələrinin əməkdaşlarının ilk və əsas vəzifəsi iş adamından bacardığı qədər “pul qopartmasıdır” . Bir növ söz döyüşü. Necə ki banklarda problemli kreditlər şöbəsinə qolu zorbaları axtarırlar, satınalmalar şöbəsində də ancaq dil və söz qabiliyyəti lazımdır. Məhsulun keyfiyyəti, önəmliliyi, bazarda rəqinin olub olmamağı, ekskulizivliyi və s faktorlar ikinci(puldan sonrakı) növbədədir. Bu gedişlə nəinki xarici investor, heç adamın özünün öz ölkəsində nəsəyə pul yatırmağa əli gəlmir.

P.S.: Əziz satınalma şöbəsinin əməkdaşları, məhsulun nə olduğunu analiz etmədən oğurluq üçün sığorta istəməyin, gülünc görünür. Bir adam, çörək pampers və s. şeylər qala-qala dezinfeksiya məhsulunu niyə oğurlasın ki? Nəzərə alsaq ki, biz istehlakçını maarifləndirdiyimiz halda güclə satırıq 🙂


Facebookda diqqətimi çəkən insan tipləri

Category : Sosial , Ümumi

Facebookda diqqətimi çəkən insan tipləri haqqında yazmaq istəyirəm. Facebookda status olaraq yazmaq istəyirdim,amma uzun olacağını təxmin edib bloq olaraq paylaşmağa qərar verdim. Sırf öz müşəhidələrimdən, real keyslər üzərindən yazacam

 

  • Bu tip insanlar öz profillərini işlədiyi şirkətin rəsmi səhifəsinə çeviriblər. Bunlar adətən orta və kiçik müəssisə sahibləri və ya hər hansı şirkətə yeni işə başlayan  insanlardır. İkinci növ insanlar seçiminə haqq qazandırmaq və bəlkə də şirkətdən gələn “məsləhət” əsasında şirkətin qeyri-rəsmi səhifəsi olaraq fəaliyyət göstərirlər

 

  • Bu kateqoriyaya daxil insanlar müəyyən qrup daxilində like edirlər, xoşuna gəlsin və ya gəlməsin, paylaşılana deyil paylaşan şəxsə görə like edirlər. Bəzi insanların bütün paylaşımlarında həmin insanların bəyənməsini görmək mümkündür. Yəni siz hər hansı sahə və ya hadisə haqqında maraqlı və faydalı məlumat da paylaşsaz, o,  yenə də sizi deyil öz çevrəsindəki insanın  “Tıxac bezdirib” tipində statusunu like edəcək. Bu tip insanların bir xüsusiyyəti də, yaxın çevrəsinin like etdiyi birşeyi əlaqəsi olmasa belə like etməsidir.

 

  • Bu tip insanlar getdikləri toy,ad günü, nişan, 2-3 nəfərlik yığıncaqlardan şəkillər paylaşırlar. Foyedə şəkil, evdən çıxmamışdan qabaq şəkil, “Canım, xoşbəxt ol” tipində statuslar ən bariz özəlliklərindəndir. Ən önəmli xüsusiyyətləri isə, hər gələn dəvətnaməni və getdikləri toyların sayını fəxrlə yazıb “Bu ay 5-ci toydu” “Toylar kralı olmuşam, ehe ehe” kimi statuslar paylaşırlar. Yay aylarını da nəzərə alsaq, ana səhifəmizə təcavüzün şahidi oluruq

 

  • Bu kateqoriyaya aid insanlar selfie xəstələridir. Hərgün müxtəlif formada(dodaq büzmə, ayaqyolu güzgüsü)  şəkillərini çəkərək mətn yerinə hansısa mənalı sözlər yazırlar. Digər bir növləri isə arxa fonlu selfie-lər çəkdirib, mətn yerinə arxa fonun(ağaclar, çay və s.) gözəl olduğunu yazıb, toruna düşəcək sazanlar tərəfindən özlərinə qarşı tərif eşitmək istəyənlədir (Məs: Çay gözəldi,amma sən daha gözəlsən və s.)

 

  • Axşama qədər ölkədəki vəziyyətdən, dolların kursundan 1 dastanlıq status yazıb : “Bizim millətə nə olur yaxşı olur elə” və ya ” Ay camaat oyanın” tipli sözlər favoritləridir

 

  • Bu tip insanlar axşama qədər getdikləri yerləri və maşınlarını reklam edirlər. Maşının 3×4 şəklindən tutmuş, içində mahnı oxumağa qədər hərşeyi edirlər. Maşını bir növ facebooka “parkovka” ediblər

 

  • Bu qrupdakı insanlar profil şəkillərinə, oğlandısa əgər: qəlyanla, toyda kostyumla, maşında uzağa baxaraq, dodağında siqaret, dostunun ofisində kresloda, əgər qızdırsa: kəpənək, göyərçin dimdiyində gül, ərəbcə yazılar, hansısa aktrisa şəkli və s qoyurlar. Sizi bilmirəm, mən birmənalı şəkildə bu tip insanlardan gələn dostluqları qəbul etmirəm

 

  • Diqqətimi çəkən bir tip insan qrupu da, ancaq dini paylaşımlar edənlərdir. profili ancaq Həzrəti Əlinin, Ayətullahın fətva və sözləri ilə doludur. Adətən şərhlərə də dini cavablar yazırlar. İmanlarını sosial şəbəkələrdə kamilləşdirirlər.

 

  • Ən çox yayılan tiplərdən biri də ,tanıdı tanımadı qızların şəklinin altına “Canım supersən” ,  ” İnboxa bax” , “Mənə niyə cavab yazmırsan?” , “Mənim dostum da bu yaraşar” (halbuki tanımır realda) , “Maşallah,Allah nəzərdən saxlasın” (gözmuncuğu şəkli) və s yazan ağzı sululardır(çox vaxt eynəkli,kostyumda daydaylar olurlar).

 

  • Bu kateqoriyadakı insanlar gün ərzində etdikləri hərşeyi raport kimi nöqtə vergülünə qədər yazırlar. Getdiyi yerləri, görüşdüyü dostlarını, yemək və ayaqyolu vaxtlarını dəqiqəsinə qədər qeyd etməmiş yuxu getmir gözlərinə

 

 


Evdə qalmaqla işdə qalmaq arasındakı əlaqə

Category : HR , Marketinq , Ümumi

Müasir dünyamızda nə qədər yaş irəliləsə də yaşı 35-i keçən hər subayın eşitməmək üçün yolunu belə dəyişdirməyə razı olduğu bir sual var. Nə vaxt evlənirsən? 25-35 yaş arasını sualsız period olaraq düşünək. Yaxşı bəs onda 10 ildir eyni şirkətdə dirsəklərini yara eləmiş lakin heç bir karyera yüksəlişi etməmiş insana niyə eyni şirkətdə və ya niyə eyni vəzifədəsən deyə soruşulmur?

Deyək ki artıq evdə qaldığınızı hiss etdiniz, yaşınız bəlli bir yerə gəlib çatıb və siz öz-özünüzü həyatınızın sonuna qədər bekar yaşamağa inandırdınız. Eyni şirkədə, eyni vəzifədə illərlə qalıb işləyəndə də artıq özünüzü eyni vəzifədə işləməyə eyni şəkildə inandırsız.

Dostlarınızın tövsiyyəsi ilə kimlərləsə görüşüb tanış olduz, kiminin boyunu, kiminin çəkisini bəyənmədiniz və ümumiyyətlə nəyisə yoxlamaq belə istəmədiniz. Valideynləriniz hər evə gələndə “Balam, rahat ol, biz varıq, biz səni çox sevirik” dedi. Siz də “anam məni bu qədər sevir, o 100 % mənə kimisə tapar” deyə düşündünüz.

Buna paralel olaraq iş həyatında isə, dostlarınızın “daydaylı”” və “tapşırıqlı” iş təklifləri sayəsində görüşmələr etdiz, həmişə indiki işinizlə müqayisə etdiz və olmadı. İşə qayıtdıqda müdiriniz otağına çağırdı və sizi çox sevdiyini dedi.

Qohumlarda da bu tip işlərə baxan biriləri olur mütləq. Sizə kömək edəcəkdi evlənmək üçün, sizi çox istəyirdi amma onun da ananızla dedi-qoduya görə arası pisləşdi birdən-birə.

Eyni vəziyyət karyeranızda da baş  verə bilər. Müdiriniz sizi çox istəyərdi,  siz deməsəz belə sizin karyeranızı düşünəcəyindən əmin idiniz. Amma illərdi sizin fərqinizə varacağını düşündüyünüz müdir birdən-birə işindən ayrılır.

İllərdir tanıdığınız  amma həmişə dost olaraq gördüyünüz biri var idi, birdən-birə ağlınıza gəldi və niyə onunla birlikdə olmağı düşünmədiyinizin cavabını özünüz də tapa bilmədiz. Vaxt itirmədən zəng vurduz, həftəsonu filmə dəvət etdiz amma “bu həftəsonu nişanım var,gecikmisən” cavabını aldız.

Eyni vəziyyət iş yerinizdə də yaşana bilərmi? Eyni işi görməkdən bezdiz və illərdir eyni vəzifədə işləyərək səhvmi etdiyiniz düşünərək direktorun yanına getdiz və artıq karyeranızı dəyişdirmək istədiyinizi dediz. Direktor da eyni sürətlə sizə: ” Keçən ay şirkətimiz xarici bir şirkət aldı, cavan və savadlı insanları vəzifələrə gətirəcəklər, mənim öz taleyim belə dəqiq deyil, sən də başını aşağı sal işini gör” dedi.

Belə dostlar, unutmayaq ki, həyat bizə imza qarşılığında verilməyib.  Əgər özünüzə güvənirsizsə, lazımı savad və işlərinizlə artıq karyera qurmağınızın lazım olduğu hiss edirsizsə, deməli artıq karyera qurmaq zamandır! Eyni şirkətdə, eyni şöbədə və eyni peşədə olmaya bilər, yetər ki hədəfiniz qəti olsun və bu hədəfi lazımı insanlara çatdırmaq üçün gərəkli addımları atmağa başlayın…


Enerji içkiləri və reallıq

Category : Marketinq , Ümumi

Bu yazıda keçən dəfə Ramil bəyin paylaşdığı və özümün də hər dəfə şahidi olduğum enerji içkiləri məsələsinə toxunmaq istədim. Bir çox qaynaqdan araşdırma edib araşdırdım, maraqlıdırsa nəticələrini sizinlə  paylaşmaq istəyirəm.

Bu yazıda enerji içkisi nədir sualının cavabından, enerji içkilərinin içərisindəki maddələr və təsirlərinə, enerji içkiləri zərərlidirmi sualının cavabından, enerji içkiləri ilə bağlı edilmiş araşdırmalara qədər bir çox mövzuya toxunacam.

ENERJİ İÇKİSİ NƏDİR?

Enerji içkisi mental və fiziki bacarıqların bəzilərini inkişaf etdirdiyi iddia edilən bir çox maddənin istifadə edildiyi bir mayedir.

ENERJİ İÇKİLƏRİ ZƏRƏRLİDİRMİ?

Bunu yazmadan əvvəl qeyd edim ki, heçbir firma ilə müqaviləm yoxdur. Nə enerji içkisi nə də başqa biri ilə. Heçbir şirkəti qorumağa çalışmıram, araşdırdıqlarımdan(internet üzərindən) yazacam.

İndi isə keçək enerji içkilərinin ziyanlarına. İçindəki maddələri tək-tək yazının irəliləyən hissələrində açıqlamağa çalışacam amma bilmənizi istədiyim bir məqam var.

Tərkibində tövsiyyə olunmayan bir çox maddə var. Bu maddələr zamanla və dozadan artıq olduqda bizə zərər verə bilər. Aşağıda bir ara məhşur,sürətlə yayılan bir video var, amma inanmıram ki enerji içkisi insanı bu hala sala bilsin.

(Video həssas insanlar və uşaqlar üçün uyğun olmaya bilər)

Youtube-da bu məsələ ilə əlaqəli bir çox video var və 24 redbull içən bir insanın sonu kimi qələmə verilir.  Amma reallıq fərqlidir. Çox güman ki avtoqəza nəticəsində qabırğaları qırılaraq xəstəxanaya gətirilən biridir, enerji içkisi ilə yaxından uzaqdan əlaqəsi yoxdur.

wrwerwe

Nəticə olaraq enerji içkisinin içərisində süni dadlandırıcı və performansı artıracaq bir çox maddə var, hansı ki bunlar sağlam yaşam üçün qəbul ediləcək şeylər deyil.

ENERJİ İÇKİLƏRİNİN İÇƏRİSİNDƏ NƏ VAR?

Demək olar ki çox bütün enerji içkilərinin tərkibinə baxdım, gəlin sizə tərkibində nələr var tək-tək yazım:

Taurin: Zehni inkişafa kömək edən, qandakı mineral duz və su tarazlığını saxlayan bir amino turşudur. Yediyimiz qırmızı ət və balıqlarda təbii formada olur. Deyilənə görə ana südündə də bir miqdar taurin olur.

Kofein: Metobolizma və yağ ərinməsini sürətləndirdiyini bildiyimiz kofein ayrıca mental olaraq fokuslanma gücünü artırır.

Yerba mate: Təsir baxımından kofeinə çox bənzəyir amma təəssüf olsun ki o qədər də geniş məlumat mövcud deyil.

Guarana: Kofein tərkibli və kofein təsirli bir maddə daha. Gündəlik dozası ilə bağlı elə də əldə tutulacaq bir araşdırma yoxdur.

Enerji içkilərin çoxunda bu əsas maddələr mövcuddur. Təbii ki bəzi məhsullarda bəzi maddələr əksik və ya fərqlidir.

Burada diqqət çəkiləsi nüans isə çox maddənin stimulan(aktivləşdirici) xüsusiyyətlərinin olması və günlük istifadə miqdarı ilə bağlı araşdırmaların olmamasıdır. Bu məqəmda təhlükə özünü göstərməyə başlayır. Çünki neçə ədəd içsəz və nə ilə birləşərsə təhlükəli olar barədə məlumatınız yoxdur.

Tək başına turşu və zərərsiz birləşmələr olduğu üçün diqqət çəkməyən bu maddələrin birlikdə eyni içki içərisində olduqda hansı vəziyyətin yarandığı ilə bağlı heçkim əvvəldən bilə bilmir.

MƏŞQ PERFORMANSI VƏ ENERJİ İÇKİLƏRİ

Məşqdən əvvəl enerji içkisi məşq performansına təsir edirmi və ya nə qədər edir? Çoxuna maraqlı olan bu sualın araşdırmasına baxaq:

15 aktiv gənc üzərində enerji içkisinin məşq performansı və əzələ dayanıqlılığına təsiri üzərinə test edilib. Çəkisinin hər kq-na görə 2 mg kofein içən və plasebo içkisi içən 2 qrup arasında məşq performansı wingate testi ilə, əzələ dayanıqlılığı isə bench press vəsitəsi ilə ölçülüb.

Nəticə olaraq enerji içkilərinin əzələ dayanıqlılığını 6% artırdığı, məşq performansını isə dəyişmədiyi ortaya çıxmışdır.

Wingate-testi

Wingate testi bu cür aparılır

Burada heçbir halda məşqdən qabaq enerji içkisi içilməyi tövsiyyə edilmir. Qəbul olunan aktivləşdiricilər ilə birlikdə məşq zamanı vəziyyətdən asılı olaraq bədənə zərəri ola bilər.  Nəticə olaraq,enerji içkilərinin çevikliyə təsir etmədiyinin şahidi oluruq.

ENERJİ İÇKİLƏRİNİN ARIQLAMAĞA TƏSİRİ

Enerji içkiləri metabolizmanı sürətləndirdiyi və termojenik(yağ yandırıcı) təsirinin olduğu iddia edilir. Edilən araşdırma nəticəsində:

Ağır çəkili 30 qadın və 30 kişi 2 qrupa bölünərək  termojenik təsiri ilə bağlı 28 gün ərzində test aparılıb .

Enerji içkisi və az kalorili dietik yeməklərin yeyən ilk qrupun 28 gün ərzində plasebo içkisi içib az kalorili dieta saxlayan qrupa nəzərən:

  • Enerji itkisi əmələ gəldiyi
  • Daha çox yağ yandırdığı

ortaya çıxmışdır. Nəticə olaraq xroniki enerji içkisi istehlakı az kalorili dieta ilə birlikdə yağ yanmağını və çəki azalmasını artırdığı görülmüşdür. Amma bu qısa müddət üçün olan testdir, uzun müddətli test nəticələri mövcud deyil.

ENERJİ İÇKİSİ VƏ SPRİTLİ İÇKİLƏRLƏ QƏBULU

Enerji içkiləri dolayı yollarla sərxoşluğa şərait yaradır. Çünki kofein dozası yüksək olan enerji içkisinə spirt qarışdıraraq içmək, yorğunluq hormonu olaraq bilinən kortizol hormonunun iş fəaliyyətini itirməyinə və hormonik pozğunluğa gətirib çıxarır, beləliklə də sərxoş olduğunu hiss etməyən, spirtin təsirini hiss etməyən insan daha çox içir və bu vəziyyət içki zəhərlənməsinə  də gətirib çıxara bilir. Buna görə də enerji içkilərinin içinə spirt qarışdırılmaması və spirtli içki ilə birlikdə içilməməsi tövsiyyə olunur.

NƏTİCƏ OLARAQ:

  • Enerji içkiləri, tərkibindəki bir çox maddə ilə sağlam yaşam üçün elə də ümidverici birşey kimi görünmür.  Bununla yanaşı heçbir enerji içkisi sizi öldürməz.
  • Enerji içkiləri möcüzəvi bir məhsul deyil. Normal həyatınızda etmədiyiniz şeyləri elətdirməz
  • Arıqlamaq və məşq performansı mövzusunda ala biləcəyiniz təsiri evdə də təbii yollarla bəzi qarışımlardan ala bilərsiz.
  • Enerji içkilərinin spirtli içkilərlə qəbulu zəhərlənməyə qədər gedib çıxa bilir

İşçinin faydasız olmasının əsas səbəbləri

Category : HR , Marketinq , Ümumi

Əvvəlcədən deyim ki, “o boyda” şirkəti idarə edib “o boyda” problemlərini görə bilməyən insaların OXUMAMASI gərəkən bir yazıdır.

 

Müəssisə: mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir.

Bir xidmət varsa, yalnız müştərilər deyil,müştəriyə xidmət edənlər də tətmin olmalıdır. Çünki müəssisə həm istehsalçıya həm də müştəriyə fayda verməlidir.

Yaxşı, bəs burdakı fayda sözü nə məna daşıyır?

Fayda: mal və ya xidmətin ehtiyac qarşılama xüsusiyyəti ilə insan həyatına qatdığı dəyərdir.

Maaş almaq,aldığımız firmadan əldə etdiyimiz faydadır. Bəs bu yetərlidirmi? Məncə yox,çünki bir işin insana verəcəyi fayda tək maaşla ölçülməməlidir. Maaş onsuz da bir müəssisənin hər hansı bir işi görməsi üçün işçisinə verməyə məcbur olduğu bir öhdəlikdir.

Müəssisələrin daha çox istehsal etmək, istehsal etdiklərinə müştəri tapmaq və daha çox pul qazanmaq üçün faydalı işçilərə ehtiyacı var. Hədəfinə çatmaq istəyən iş yerləri sahib olduqları biznes baxışını işçilərinə mənimsətməli, işçisini müəssisənin bir parçası halına gətirməlidir. Bunun üçün də motivasiyanın şərt olduğunu inkar edən tapılmaz hərhalda. Bunu bacaran firmalar onsuz da indiki zamanda bizim istehlak etdiyimiz markaların sahibləridir.

Ya bunu bacarmayan firmalar? Eqoist rəhbərləri və ya eqoist idarəçiləri olan şirkətlər haralarda səhvlər edirlər?

Personalı faydasız olan firmaların ortaq xüsusiyyətləri

1- ŞƏFFAF OLMAMAQ

Personal müəssisənin bir parçasıdır və müəyyən işləri görməklə məsuldur. İşin parçası olan hər bir fərd də o işi niyə görüdüyünü bilmək istəyər.  “Sən işini gör, qalanı sənlik deyil” düşüncəsi şəffaflıqdan uzaqdır və motivasiyanı azaldan faktorlardandır. Şirkətinizin maddi qaynaqları da mümkün olduğu qədər anlaşılır olmalıdır. Personal, “niyə bu işi məndən istəyirlər?” və ya “bu iş üçün niyə ekstra pul almıram?”  kimi suallara cavab axtarərkən yalnış şərh edib öz daxilində qeyri-sabitlik yarada bilər. Eyni şəkildə iş yoldaşları ilə dedi-qodu edib düzgün olmayan bir düşüncəyə inana bilərlər. Nəticə olaraq, personalı yetərincə məlumatlandırmamaq(şəffaf olmamaq) bir müəssisənin özünə verə biləcəyi ən böyük zərərlərdən biridir.

2-QAZANCI DOĞRU PAYLAŞMAMAQ

Müəssisə rəhbərləri qazandıqları pulu tək başına qazana bilmədiklərinə görə, işi icra edən hərkəsə pay verməlidir. Sərmayə sahibi olmaq pulunu hamısında haqq sahibi olmaq mənasına gəlmədiyi kimi böyük bir qisminə də sahib olmaq mənasına gəlmir. Aşağı maaşla işlədilən işçilər həmişə narahatdır.

Müəssisənin standart performansını aşması, digər aylara görə daha çox qazanc əldə etməsi gəlirin bir miqdarının  işçilərə paylanılması məcburiyyətini də özü ilə gətirir. Personalına mükafat, bonus və bunun kimi sabit maaşa əlavələr etməyən müəssisələr avtomatik olaraq özü  eyni müvəffəqiyyətin təkrar edilməsinin qarşısını alır.

3-VƏZİFƏ YÜKSƏLTMƏMƏK / KARYERA İMKANI YARATMAMAQ

İşini artıqlaması ilə görə işçinin “vaxt öldürən” işçi ilə fərqi olmalıdır. Mükafatlandırmağın ən yaxşı üsüllarından biri də vəzifə yüksəltmək və ya ekstra səlahiyyətlər verməkdir. Bunun əksini edən şirkətlərdə ümumiyyətlə motivasiyadan danışmaq yersizdir.

4- İŞÇİLƏRİN FİKRİNİ ÖNƏMSƏMƏMƏK

İdarəçi və işin sahibi olmaq, hərşeyin ən yaxşısı bilmək, işçilərin fikrini önəmsəməmək halına gətirib çıxara bilir təəssüf ki. İş həyatını bir kənara  qoysaq, önəmsənmək insanın öz təbiətində var Hər bir fərd yaşadığı sosial mühitdə önəmsənməyi arzu edir. Fikirlərinə hörmət qoyulmayan, dedikləri ciddiyə alınmayan və ya heçbir şəkildə söz haqqı verilməyən insanlar daha pessimist və aqressiv olurlar.

Müəssisələrin işçilərinə söz haqqı verməməsi həm personala həm də şirkətə böyük zərər verə bilir. Personalın iş haqqında həqiqətən faydalı ola biləcək fikirləri ola bilər, nəticədə bu işin içərisindəki insandır. Bu fikirləri dinləmək , qeyd etmək, lazım olsa isə praktikaya keçirmək mümkündür.  Bu o demək deyil ki işçilərin bütün fikirlərini mütləq qeyd edib icra etmək lazımdır. Amma bunu da dinləmədən bilmək olmur.

5- BİRDƏN ÇOX İNSANA MƏRUZƏ ETMƏK

Üstdən aşağıya doğru səlahiyyətlərin azaldığı bir sxemdə hər işçi bağlı olduğu bir üst quruma tabe olmaq və məruzə etmək məcburiyyətindədir. Ancaq bəzən tabe olduğun insanın da bir üstünə raport etmək çəkilməz hal ala bilir.  Normalda isə siz öz tabe olduğunuza, tabe olduğunuz isə özünün tabe olduğu bir üst vəzifəyə raport verməlidir. Əks halda vəzifə üçbucağının ən altındakı biri rəhbərə qədər hamıya tək-tək məruzə etmək məcburiyyətində qalacaq.

Eyni şəkildə hər hansı biri işin nəticəsi ilə bağlı  hər idarəçi tək-tək sorğu sual etməməlidir. Məsələn bir problem olduqda hər idarəçi tək-tək məzruzə istəmək yerinə, sizin tabe olduğunuz insanla əlaqəyə girməlidir. Personalın birdən çox idarəçiyə sahib olmağı, hər idarəçiyə ayrı-ayrı hesabat verməsi və birdən çox insan tərəfindən ayrı-ayrı yönləndirməsi istər istəməz işçidə daxili narahatlıq yaradacaq. Bu da işçinin FİƏ-sinin düşməsinə səbəb olur, işçini  işindən bezdirəcək önəmli faktora çevrilir.

6-HƏDDİNDƏN ÇOX MÜDAXİLƏCİ OLMAQ

İşin icraatı prosesində qatı olmaq, heçbir işçinin öz tərzində işləməyə icazə verməmək iş mühitindən daha çox əsgərlik rejiminin yaranmasına gətirib çıxarır. Bu daha çox satış menecerlərinə təsir edir. “Müştəriyə əvvəlcə bunu de” “O sözün əvəzinə bu sözü işlət” “Mən həmişə belə satış edirdim” tipli müdaxilələr tez-tez təkrarlandığı iş mühitlərində satış menecərlərinin öz şəxsi ünsiyyət bacarıqları zamanla zədələnməkdədir. İdarəçinin bir növ  “QAYNANALIQ ETMƏSİ” personalı işdən soyuda,FİƏ-sinin aşağı düşməsinə səbəb olacaqdır

7-AİLƏ ŞİRKƏTİNİ AŞIB NƏSİL SİSTEMİNƏ KEÇMƏK

Məsələn şamaxılı(özüm şamaxılı olduğum üçün) bir rəhbərin şirkətində bütün şöbələrinin başında şamaxılı bir idarəçi varsa orda problem var deməkdir. Belə şirkətlərdə karyera imkanlarından öncəliklə rəhbərin nəsil ağacı istifadə edir. Bu situasiyanın şirkətlərə 2 fərqli tərəfdən bariz zərərləri var:

  1. Digər işçilərin karyera ümidlərinin puç edərək motivasiyalarını azaltmaq,buna bağlı olaraq da FİƏ-sini aşağı salmaq
  2. Savad və iş görmək bacarığı daha aşağı insanları idarəçi edib işlərin gedişini axsatmağa səbəb olmaq.

Yalnış insanların idarə etdiyi və karyera imkanlarının “müqəddəs nəsil ağacına” bağlı olduğu şirkətlərdə işçilərdən faydalı olmağı gözləmək məntiqsizlikdir. Belə bir iş mühitində karyera ümidləri işçilər üçün mümkünsüz olacaq və daha yaxşı şərtlərlə iş tapdığı təqdirdə iş yerini dəyişmək istəyəcəkdir.

8-ƏMƏK HAQQINI DAVAMLI GECİKDİRMƏK

Personalın maaşını gecikdirmək həm şirkətin imicini zədələyir həm də işçini pis vəziyyətə salır. Sabit maaşla işləyən insanlar xərclərini və ödəmələrini maaş gününə görə təyin edirlər.

İnsan təbiətinə görə qeyri-müəyyənlikdən xoşlanmır. Əmək haqqının verilməməsi bir problem ikən, nə qədər gecikəcəyinin də deyilməməsi ayrıca bir problemdir.

Personalın özəl həyatında baş verən problemlərin qaynağı işlədiyi şirkətdisə bunun hesabının da şirkətə kəsilməsi təbii haldır. Fikirləri qarışıq, özünü güvənsiz hiss edən bir işçidən də fayda gözləmək dəvəyə xəndək tullandırmaq qədər çətin birşeydir.

Əmək haqqını davamlı gecikdirən şirkətlər güvənsizlik yaratdığı üçün işçilər də gələcəyini riskə atmaq istəməyəcəkdir. Buna bağlı olaraq da bu tip şirkətlərdə gələcək xəyal etmək mümkünsüzdür. Şirkətin gələcəklə bağlı planlarına ortaq olmayan personaldan daha yaxşı işləməyini və sədaqətli olmağını gözləmək xəyalpərəstlikdən başqa birşey deyil.

Siz də personal sirkulasiyasını artırmaq, davamlı olaraq yeni insanlarla işləyib ekstra xərcə düşmək, faydasız iş mühiti yaratmaq və şirkətinizin gələcəyini baltalamaq istəyirsinizsə bu 8 maddəni etina ilə birəbir tətbiq edə bilərsiz

Xeyirli işlər 😉


İçərisində gizli mesaj olan 10 məhşur loqo

Category : Marketinq , Ümumi

Yazıda içərisində gizli mesaj olan 10 məşhur loqodan bəhs edəcəyəm .Demək yerinə düşər ki, bəzləri “gizli” deyillər amma ağıllı dizaynın sadə məhsullarıdırlar.

1. VAIO

92807643-3f29-481d-a24b-229ac9628f50

İlk baxışdan sadəcə VAIO görünür, amma bir az da yaxınlaşdırıb baxanda, ilk iki hərf analoq simvolu təmsil edir, son iki hərf isə rəqəmsal simvolu.

2. Baskin Robbins

3f2a3c66-bb94-4bdc-a83f-903328c3cb19

Çəhrayı rəngdə vurğulanan sahəyə nəzər yetirin. ? 31 ədədi təklif etdikləri ətirlərin sayıdır

3. Amazon

1efcf78d-db0f-4317-828d-192fb29e854f

Amazonun loqosuna ilkin baxanda düşünə bilərsiz ki, ox işarəsi gülümsəyən üzə bənzəyir, mənası isə  o deməkdir ki, Amazon öz müştərilərini xoşbəxt etmək üçün mövcuddur. Bunu da əlavə edim ki, a-dan z-yə qədər uzanan ox işarəsi Amazonun satışdakı çeşidliliyinin a hərfindən z hərfinə qədər olduğuna da işarə edir.

4. Google

e64dfac4-41ea-43fc-bdd7-028bf7252cbc

Heç fikir vermisiz ki Google ardıcıl 4 ana rəngdən sonra 2-ci dərəcəli rəng istifadə edib? Bu tamamilə qəsdən olunub. Google göstərmək istəyirdi ki, onlar qaydalar ilə oynamırlar.Buna görə də onlar sadə hərflər və rənglərdən istifadə ediblər

5. Pepsi

6441d555-b415-41ef-b40f-6399b037ad74

2008-ci ildə Pepsi yeni loqo (soldakı köhnə,sağdakı yeni) dizayn etmək üçün Arnell Associates-ə 1 milyon dollar pul ödədi. Buna görə də Pepsi rebrendinq üçün hər şeyə yenidən milyonlarla pul ödəməli idi. Arnell-in  “Dizayn Strategiyasının Ruhu” adlı proyekti ictimaiətə təqdim olundu . Təklif olunan o idi ki, yeni loqo bir növ Da Vinçinin Şifrəsi olmalı idi. Arnell-in proyektinə görə, Pepsinin logosu Feng shui, İntibah dövrü, Nisbilik nəzəriyyəsi, Kainat və başqa faktorlara görə hazırlanmışdı. Çıxan nəticə isə bu idi: Loqo kainatın açarıdır.

6. IBM

fcb76a79-26dd-4fc7-b66f-305dbb047168

IBM-in,şirkəti təmsil edən Böyük Mavi loqotipində bütün dünya üçün gizli mesaj mövcuddur . Sağ aşağı hissədəki ağ xəttin keçdiyi hissə bərabərlik(=) işərəsinə bənzəyir

7. Unilever

c22c0a06-39b1-4e4e-bafe-0db9afeca8a9

Unilever o qədər müxtəlif məhsullar istehsal edir ki, bəzən hər şeyi yadda saxlamaq çətin olur.Bəxtimiz gətirib ki, istehsal etdikləri hərşeyin simvolları loqoda mövcuddur.

8. Toyota

3b557ddd-08d9-44bb-9430-0572be71ee55

Toyotanın loqotipində olan üç ellips üç ürəyi təmsil edir: müştərinin ürəyi, məhsulun ürəyi və texnologiya sahəsindəki tərəqqinin ürəyi

Bunlar bilinəndir,bəs bilinməyənləri? Çox az adam aşağıdakı şəkildəkindən xəbərdardır:

0a49e666-6922-4afc-9ccf-906c75e8c8c1

9. Coca Cola

68650888-7f83-4bd2-9549-29eec6fd42aa

Coca Cola sözündəki “o” hərfinə yaxından baxın. Nəsə qəribəlik hiss edirsiz?  Etmirsizsə eybi yox, çünki insanların əksəriyyəti bunu hiss etmir. Bu, əslində Danimarkanın bayrağıdır.Amma bu əvvəldən düşünülmə birşey deyildi. Coca Cola sonradan fərqinə vardı ki, onun loqotipinin bir hissəsi əslində yer üzündə ən xoşbəxt ölkə adını daşıyan Danimarkanın bayrağı kimi görünür.

e3ac8cd5-9567-495c-adee-e187e4b1d4fe

10. FedEx

d13a9c5c-ab58-4323-9975-ee4e893e5c2b

Fedex-in loqosu kreativ nümunələrdəndir! İlk baxışdan iki müxtəlif rəng görünür, ancaq daha diqqətlə baxanda “E” və “X” hərfləri arasındakı boşluqda ox işarəsi var,hansı ki şirkətin uzaqgörənliyinin və gələcəyə dair proqnoz irəli sürməsinin simvoludur.


Böhrandan əyləncəyə vəya Love Festival

Category : Böhran , Ümumi

Dostlar, deməli 29.05.2016 ci il tarixdə yəni dünən Azərbaycan ilk dəfə olaraq Aytən Əliyevanın rəhbərliyi altında öyrəşdiyimiz parti və sərgi formatından fərqli olaraq hərşeydən biraz amma mükəmməl bir şəkildə Sevgi Festivalı( SPRING LOVE FESTIVAL) keçirildi. Maraqlı idi mənə necə olacağı,ona görə də saat 16:00-dan orda idim. Təşkilatçıların iştirakçılara vəd etdiyi «hər zaman xəyal etdikləri həm fərqli, həm maraqlı, həm də olduqca əyləncəli sayılacaq gün»  devizinin haqqını verdiklərinin bir daha şahidi oldum

Başda Aytən xanım olmaqla, girişdə qonaqları qarşılayanlara, pantomimçilərə, aparıcıya, fotoqrafa, bir sözlə qonaqların rahatlığı üçün əlindən və ürəyindən gələn heçnəyi əsirgəməyən kollektivə dərin təşəkkürümü bildirirəm. Aytən xanıma bir də xüsusi birşeyə görə təşəkkür etmək istəyərdim. Çox tədbirdə adətən təşkilatçıların buraxdığı səhv o olur ki, çox ön plana çıxırlar, gözü “mazol edirlər”. Festival adından çox “filankəsin tədbiri” olaraq yadda qalır. Arada söz demək üçün Aytən xanımı tapa bilmirdim axtaranda, arxa fonda həmişə işləyirdi çünki. Ümid edirəm və inanıram ki iştirakçılar dünənki tədbiri elə  SEVGİ FESTİVALI olaraq da xatırlayacaq…

 

P.S. : Ümid edirəm gələn il üçün Aytən xanımın indidən daha “əjdaha” ideyaları var 🙂


İşçinin şirkətə bağlılığını necə təmin etmək olar?

Category : Ümumi

Yazıma başlamamışdan öncə məni bloq açmağa az qala məcbur edən Murad Malikə təşəkkürümü bildirirəm.Məndən olsaydı hələ də telefonun qeyd(Note) hissəsində yığılıb qalacaqdı qaralamalar

Keçək yazımıza.Yazıma ona görə bu mövzu ilə başlamaq istədim ki,həm şəxsi təcrübəmin həm də biznes mühütinin ən yaralı yerlərindən biri də işçi və işçi münasibətləridir.Əsasən işçi motivasiyası 2 qrupda toplanan faktorlardan təsirlənir.

Bunlardan 1-ci qrupa:

  • Əmək haqqı / əlavə qazanclar
  • Şirkət politikası / idarəçiliyi
  • İşçilər arasında dostluq / münasibətlər

2-ci qrupa isə

  • Uğur əldəetmə duyğusu
  • Hörmət görmə
  • Məsuliyyət alma duyğusu
  • Şəxsi inkişaf imkanları
  • Yüksəlmə

Praktika göstərir ki,işçinin motivasiyasını 1-ci qrupda olanlar davam etdirə bilir,amma davamlı artırmır.Yəni bir işçinin maaşını artırsaz,onun motivasiyasını bir müddət artıra bilərirsiz.Ancaq işçi yeni maaşına və onun rifah səviyyəsinə öyrəşdikdən sonra əgər 2-ci qrupdakılardan yoxsundusa zamanla əvvəlki az maaş aldığı motivasiyasına geri qayıdacaq.

Bəs işçinin şirkətə bağlılığını necə təmin etmək olar? Yəni bir işçi maaşı yüksəkdir deyə özünü tam mənasında işinə verməz,bunu edə biləcək nüanslar işlədiyi şirkətə bir işə yaradığı və hörmət edildiyi hissi,gördüyü işin vacibliyi,bu işin şirkətdəki yeri, karyera olaraq yüksəlib yüksələ bilməyəcəyi,şəxsi inkişaf olaraq da eyni yerdə “təpik döyməyəcəyi” hissidir.

Nəticə olaraq bunu deyə bilərəm ki,iş yerində xoşbəxyt olmağı vəuzun illər maksimum enerji ilə işləyə bilmənin sirri nə əmək haqqı nədə həmin şirkətin bazarda olan etibarıdır.Sizə olan hörmət,lazım gələndə məsuliyyət ala bilmə,işə başladıqdan sonra özünü inkişaf etdirə biləcəyini düşünməsi kimi faktorlar sizi şirkətdə uzun illər işləməyinizə imkan yarada bilər.

Uzun illər iş yeri dəyişdirmədən işləyən,ancaq xoşbəxt olmayan,amma qazancı yaxşı olduğu üçün iş yerini dəyişməyən insanlara da rast gəlmisiniz.Mənim çevrəmdə də belələri az deyil.Bu halın yuxarıdakı qruplarlarla tərs gəldiyini düşünə bilərsiz.Yuxarıda böldüyümüz qruplara əsasən bu işçilər özlərinə yeni iş yeri axtarmalı idilər.Bu hal, “şirkətə özünü vermə,yəni həmin işçilərdən  1 ədəd istəniləndə könüllü olaraq birini də öz cibindən qoyub şirkətə əlavə xeyir vermək” halıdır

Unutmayın ki,bir işçinin sadəcə əmək haqqısı yüksəkdir deyə bir şirkətdə uzun illər işləməsi onun həmin şirkətə bağlı olduğunu göstərməz